Ağsu rayonunda meyvə yığımı davam edir və indiyədək bağlardan 1963 ton məhsul yığılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 3286 hektar meyvə bağı var və onun 3008 hektarı bar verəndir. Yaz aylarından bəri tez yetişən meyvələr dərilir. İndiyədək 686 ton alça, 255 ton alma, 200 ton armud, 248 ton gavalı, 196 ton gilas və digər meyvələr yığılıb. Tədarük olunan məhsul ötən ilin müvafiq dövründəkindən 3 ton çoxdur. Yığılan meyvələr birbaşa bazarlara çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə Bozavand, Kəndoba, Qaraqoyunlu, Növcü, Ərəbuşağı və digər bir sıra ərazi dairələrində cari ildə bağlarda bol məhsul yetişib.
Qarşıdan nar, heyva və digər gec yetişən meyvələrin yığım dövrü gəlir. Qeyd edək ki, ötən il 12 min 105 ton meyvə istehsal olunan bölgədə cari ildə 12 min 200 tondan çox məhsul gözlənilir.