Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması mövzusunda onlayn görüş keçirilib.
Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Qadınları Assosiasiyasının Beynəlxalq Məsləhət Şurasının sədri və Dünya Bankının əməkdaşı Tara Şarafudhin, eləcə də Bakı, Balakən, İsmayıllı, Ağcabədi, Goranboy, Ağdam, Sabirabad, Neftçala, Beyləqan, İmişli, Saatlı, Bərdə, Lənkəran, Masallı rayonlarından 22 qadın fermer iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini dəstəklədiyini bildirib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının Beynəlxalq Məsləhət Şurasının sədri Tara Şarafudhin Vaşinqton şəhərindən onlayn görüşə qoşularaq 2 il əvvəl başlayan Kənd İnvestisiya Layihəsi çərçivəsində Azərbaycan qadınlarının aqrar sahədə qazandıqları uğurların şahidi olduğunu vurğulayıb. Eyni zamanda, Tara Şarafudhin bu modelin bir çox ölkələrdə tətbiq olunduğunu qeyd edib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova isə bildirib ki, assosiasiya və onun tərkibindəki Qadın İnkişaf Qruplarının fəaliyyəti nəticəsində kənd qadınları öz bizneslərini formalaşdırmağa nail olub.
Görüşdə xüsusi karantin rejimində aqrar sahədə fəaliyyət, regionlarda Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyəti, kənd qadınlarının kollektiv şəkildə idarə etdiyi bizneslərin inkişaf istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərmək məqsədilə 2018-ci ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin “Kənd Qadınlarının İqtisadi Səlahiyyətlənməsi” komponenti əsasında yaradılıb və dövlət qeydiyyatına alınıb.
Assosiasiya Azərbaycanda Qadın İnkişaf və Müəssisə Qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınları təmsil edən bir təşkilat rolunu oynayır. Hazırda İsmayıllı, Balakən, Zaqatala, Ağcabədi, Ağdam, Goramboy, Bərdə, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad rayonları olmaqla ümumilikdə 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupları fəaliyyət göstərir. Bu qruplar fəaliyyətin ilk mərhələsində öz vəsaitləri hesabına mikro/kiçik müəssisələr yaradıblar. Eyni zamanda, yeni qrup və müəssislərin yaradılması prosesi davam edir. Qrup sahibkarlığı modeli daha çox qadının işlə təmin olunmasına şərait yaradır. Kənd qadınları yaratdığı müəssisələrdə bizneslərin həcmini böyütdükcə kənddəki digər işsiz qadınları da işlə təmin edirlər.
Hazırda assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müəssisə Qrupu ümumilikdə 118 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə 462 kənd qadınını işlə təmin edib.
Xatırlaqdaq ki, beynəlxalq təcrübədə sınanmış Qadın Özünə-Kömək Qrupu modeli MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq olunub.