Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı adlanan ərazidə fiziki şəxs Həsənov İlqar Orucəli oğluna məxsus ət tədarükü sahəsinə baxış keçirilib. Həmin sahədə soyuducularda ümumi çəkisi 635 kq-dan artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Ətin satış məqsədilə müxtəlif rayonlardan tədarük edildiyi məlum olub. Yoxlama zamanı ətin rənginin qara, kəskin qoxulu və səthinin selikli olduğu müşahidə edilib. Bununla yanaşı ətin mənşəyi ilə bağlı heç bir sənəd AQTA əməkdaşlarına təqdim olunmayıb. Aşkarlanan ətlər müsadirə edilərək saxlanca verilib və götürülən nümunələr sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.   Namiq