"Təəssüflə qeyd etməliyəm ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyət göstərdiyi bir il ərzində Azərbaycanda bir nəfər belə sahibkar öz məhsulunun geri çağırılması barədə bəyanat verməyib".
Bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, sahibkarlar malların özləri tərəfindən geri çağırılmasının imiclərinə mənfi təsir göstərəcəyi barəsində yanlış fikrə malikdirlər: "Hansısa bir məhsul tək istehsal prosesində deyil, daşınanda, saxlananda, satış prosesində rejimlərə düzgün əməl olunmadıqda insan qidası üçün yararsız məhsula çevrilə bilər. Əgər hansısa şirkət öz məhsulunu geri çağırarsa, bu zaman istehlakçının şirkətə etibarı daha da artar. Bu isə gələcəkdə həmin məhsulların daha böyük, daha geniş bazar əldə etməyinə imkan verər. Mən bizim sahibkarları belə olmağa çağırıram. Minlərlə ton məhsulu həm geri qaytarır, həm məhv edilməsi haqqında qərar qəbul edirik. Bu ondan xəbər verir ki, həm idxal prosesi zamanı, həm də istehsal prosesində insan qidası üçün yararsız məhsullar var. Ona görə də sahibkarlar insan qidası üçün uyğun olmayan məhsulu geri çağırmaq üçün özləri təşəbbüs göstərməlidirlər”. (APA)