Astara rayonunun taxıl sahələrində məhsul yığımı başa çatıb. Rayonda 148,6 hektar taxıl sahəsindən 365,7 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 24,6 sentner təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 sentner çoxdur.
Bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, taxıl zəmilərindən yığılan məhsulun 122,8 hektarını buğda sahələri təşkil edib, sahələrdən 308,2 ton buğda biçilib. Buğdanın hər hektarında orta məhsuldarlıq 25,1 sentner olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 2,9 sentner çoxdur. 25,8 hektar arpa sahəsindən isə 57,5 ton məhsul götürülüb, məhsuldarlıq 22,3 sentner olmaqla, ötən ilə nisbətən 3,4 sentner çoxluq təşkil edib.
Qeyd edək ki, Astara rayonunda bu ilin məhsulu üçün 940 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilib. Bunun 122,8 hektarı buğda, 25,8 hektarı arpa, 205 hektarı çəltik, 395 hektarı isə paxlalı bitkilərdir.