Türkiyənin süd və süd məhsullarının istehsalı ilə məşğul olan, yarım əsrdir fəaliyyət göstərən “Yörsan Gida Mamülleri San. Ve Tic. AŞ” şirkətinin Azərbaycan firmasına satılması üçün danışıqlar gedir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şirkəti 4 il əvvəl “Abraaj Group” alıb, amma Türkiyədə yaşanan iqtisadi geriləmələrlə bağlı olaraq “Yörsan” maliyyə böhranına düçar olub. Və borclarını ödəyə bilməyərək 2019-cu ilin əvvəllərində müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.
Məhkəmə şirkətə 1 il möhlət verib və 3 nəfərlik müvəqqəti idarəçi təyin edib. Bu qərar nəticəsində “rahat nəfəs alan” şirkətin satışı üçün danışıqlar da sürətləndirilib.
Məlumata görə “Yörsan”ın satılması üçün Azərbaycandan olan bir firma ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan şirkətinin Türkiyə təmsilçiləri “Yörsan”dan alacaqları olan banklar, firmalar və süd kooperativləri ilə danışıqlar aparıb. May ayında Balıkesir Susurlukda təşkil edilmiş toplantıya qatılan vəkil deyib ki, Azərbaycan şirkətinin təmsilçiləri “Yörsan”dan borclarını ala bilməyən süd kooperativlərinə təklif veriblər. Təklifə əsasən kooperativlərə borcun 65 faizi birdəfəlik ödənilməli, qalan hissəsi isə silinməliydi. Lakin bu təklif qəbul edilməyib. Daha sonra Azərbaycan şirkəti borcun 85 faizinin qaytarılması təklifini verib.
Şirkətə yaxın yüksək rütbəli qaynaq “Yörsan”ın satışına dair danışıqlarda irəliləyiş əld olunduğunu təsdiq edib. Mənbə deyib ki, Azərbaycan şirkəti bu danışıqlarda türkiyəli ortaqları ilə birlikdə hərəkət edir. Ancaq “Yörsan”I almaq istəyən firma Azərbaycanın ən iri süd və süd məhsulları istehsalçısıdır.