Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib. Foodinfo.az-ın xəbərinə görə, bu barədə AQTA-nın yaydığı məlumatda bildirilib. Məlumata görə, “Sun Food” istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün agentliyə müraciət edib. AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib. Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir. Bəs bu məhsulları necə istifadə etmək olardı? Foodinfo.az bildirir ki, dünya praktikasında qida məhsullarının istehlak müddətinin bitməsinə az qalmış marketlərdə əlhaliyə böyük endirimlə (məsələn 50-80 faiz) satılması, yaxud hansısa məhsulun yanında pulsuz verilkməsi təcrübəsi mövcuddur. Belə olan halda həm şirkət qazanır, həm də əhalinin kasıb təbəqəsi bu məhsulları ala bilir. Təəssüf ki, ölkəmizdə bu praktika geniş tətbiq edilmir. Baxmayaraq ki, inkişaf etmiş Avropa ölkələrində belə bu praktikadan istifadə olunur. Məsələn, xüsusi marketlər var ki, burada qiymətlər aşağıdır. Eyni zamanda miqrantlar və sosial vəziyyəti aşağı olan şəxslər bu marketlərdən xüsusi kartlar vasitəsilə pulsuz bazarlıq edə bilir. Şirkətlər isə sosial aksiya olaraq istehlak müddəti bitməyə az qalmış məhsullaı bu marketlərə təhvil verirlər. Bununla da həm sosial rifah yaxşılaşır, həm də şirkətlərin az da olsa qazancı olur. Təbii ki, bu şirkətin qərarıdır. Amma bu praktikadan istifadə olunsa nə bu qədər məhsul zay olar, nə də imkanı aşağı olan təbəqə bu məhsulları almaqdan kənar qalar. Orxan Əli