27 fevral-2 mart tarixlərində ADA Universitetində “Azərsun Holdinq”in dəstəyi ilə Karyera həftəsi təşkil edilib.
Tədbirdə 100-dən artıq şirkət iştirak edərək təhsil müəssisəsinin tələbə və məzunları üçün təqdimatlar edərək məşğulluq bazarı barədə məlumat veriblər, uğurlu karyera qurmaq barədə fikirlərini paylaşıblar.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olaraq, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə geniş məlumat əldə ediblər.
Karyera həftəsinin son günündə isə 2000-dən artıq tələbə və məzun üçün sənəd verərək, iş üçün müraciət etmək imkanı yaradılıb.
Qeyd edək ki, “Azərsun Holdinq” mütəmadi olaraq təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələrin bilik və bacarıqlarının artırılması üçün layihələr reallaşdırır. Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən "Azərsun" Akademiyası tələbələr üçün müxtəlif təlim və seminarlar təşkil edərək onların peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.