“Azərsun Holdinq” KİV nümayəndələri üçün Sumqayıt Yağ Fabrikinə ənənəvi mediatur təşkil edib.
Jurnalistləri qarşılayan istehsal müsəssisəsinin müdiri Şahəddin İbrahimov jurnalistlərə Qida və Yağ fabrikinin 1997-ci ildən fəaliyyət göstərdiyini 2014-cü ildən isə ən müasir tələblərə cavab verən və tam avtomatlaşdırılmış avadanlıqlarla təmin edilmiş Azərsun Sənaye Parkına köçürüldüyünü və illik istehsal həcminin 270 min ton olduğunu bildirib. Müəssisə rəhbəri media nümayəndələrinin Whatsappda yayılmış səs yazısı barədə sualı cavablandıraraq, bu məlumatın tamamilə yalan olduğunu və ümumiyyətlə qeyri-mümkün olduğunu söyləyib. O, fabrikin Avropanın ən müasir müəssisələrindən biri olduğunu, yaradılmış xüsusi sistem hesabına bütün istehsal xətlərinin və avadanlıqlarının mütəmadi olaraq dezinfeksiya edildiyini bildirib. Müəssisə rəhbəri jurnalistlərə burada istehsal edilən məhsulun dünyanın istənilən laboratoriyasında yoxlamadan uğurla çıxa biləcəyini bildirib.
Dünyanın ən məşhur restoran şəbəkələrinin yağ təminatı Sumqayıt Yağ Fabriki tərəfindən həyata keçirilir
Daha sonra istehsal müəssisəni gəzən jurnalistlərin sualını cavablandıran “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev fabrikin bütün avadanlıqlarının bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edildiyi barədə məlumat verib. O, müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, dünyanın ən məşhur restoran şəbəkələri olan McDonald’s və KFC-nin yağ təminatının Sumqayıt Yağ Fabriki tərəfindən təmin edildiyini qeyd etdi.
Rafinasiya sahəsini ziyarət edən jurnalistlər burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlər buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verildi. Bundan başqa laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu bildirilib.
Jurnalistlər Sumqayıt Qida və Yağ Fabrikində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyinə şahid olublar.
“Final”, “Möcüzə”, “Zeytun bağları” kimi məşhur milli markaların istehsal edildiyi sahəni ziyarət edən jurnalistlərə burada yaradılmış keyfiyyətə nəzarət sisteminin qüsursuz olduğu əyani şəkildə nümayiş etdirildi. Duru yağ istehsal sahəsi ilə tanış olduqdan sonra jurnalistlərə “Bizim Süfrə” mayonezlərinin istehsal edildiyi sahə nümayiş etdirildi. Burada da “Azərsun Holdinq”ə məxsus bütün istehsal sahələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olduğunun şahidi olan KİV nümayəndələrinin Whatsapp vasitəsilə yayılmış səs yazısı barədə sualını cavablandıran “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bu böhtanın kimin tərəfindən yayılması barədə ehtimalların olduğunu bildirib. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığın və həmin şəxsin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacağına inandıqlarını söyləyib. Şirkət rəsmisi keyfiyyətin “Azərsun” üçün ən vacib və önəmli amil olduğunu və bütün istehsal müəssisələrinə mütəmadi olaraq media turların, ekskursiyaların, texniki gəzintilərin, təcrübə proqramlarının, “açıq qapı” günlərinin təşkil edildiyini bildirib. O, bu cür mesajların keyfiyyət hesabına rəqabət apara bilməyən, öz məqsədlərinə çirkli yollarla çatmağa çalışan işbazlar tərəfindən yayıldığını söyləyərək insanları bu məsələlərə həssas yanaşmağa və böhtan xarakterli absurd məlumatlara inanmamağa dəvət edib.
Qeyd edək ki, “Azərsun Sənaye Parkı”nda 2014-cü ildə istismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur. (SalamNews)
https://www.youtube.com/watch?v=B5OWE0fKWxc