Aparılan aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi artıb. Foodinfo.az-ın Trend-ə istinadla məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda bildirib. O bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib: "Bu, ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır. Həmçinin ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir. FAO-nun dəstəyi ilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır". Nazir qeyd edib ki, vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır: "FAO və digər beylnəlxalq təşkilatların müşahidələrinə əsasən dünyada balıq ovu həcmi kəskin azalıb. Əvəzində isə son 15-20 ildə əmtəə və akvokultura məhsullarının ümumi həcmi durmadan artır. Balıq növlərinin yetişdirilməsi əhalinin qida təminatında vacib yerlərdən birini tutur".