Ailə Biznesinə Asan Dəstək (“ABAD”) tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid qida məhsulları satışa çıxarılıb.
“ABAD”dan verilən xəbərə görə, artıq yeni və yüksəkkeyfiyyətli qida məhsulları “Bravo” hipermarketləri və orada fəaliyyət göstərən “ABAD” bakaleyalarında öz alıcılarını gözləyir.
Həmin məhsullara Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları; Niftəliyevlər ailəsinin “Baharat” pendiri; Məmmədlilər ailəsinin badımcan kürüsü; Səbzəliyevlər ailəsinin qara zirə yağı; Cəfərovlar ailəsinin alma qurusu daxildir.
Yeni ət və süd məhsulları, yəni Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları, Niftəliyevlər ailəsinin “Baharat” pendiri və Cəfərovlar ailəsinin alma qurusu məhsulları Quba “ABAD” Factory istehsalat kompleksində istehsal edilir. Badımcan kürüsü isə Məmmədlilər ailəsi tərəfindən Masallı rayonunda hazırlanır.
Xatırladaq ki, “ABAD” nişanı altında satışa çıxarılan qida məhsulları texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma yoxlamalarından keçib. Bu məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.
“ABAD” publik hüquqi şəxsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 23-də yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.