Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarların maarifləndirilməsi istiqamətində tədbriləri davam etdirir.
Növbəti belə tədbir Gəncədə keçirilib. Belə ki, Agentliyin əməkdaşları Gəncədə Goranboy, Samux, Daşkəsən, Göygöl rayonlarında fəliyyət göstərən bitki və bitkiçilik məhsullarının istehsalçıları, idxalçıları, ixracatçıları ilə maarifləndirici görüş keçiriblər.
Görüşdə istixanalarda yetişdirilən məhsulların zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Onlara qarşı vaxtında və düzgün mübarizə tədbirləri aparıldıqda bol və keyfiyyətli məhsulların əldə olunduğu vurğulanıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət olunması da tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.