Azərbaycanda hədələnərək pul tələb edilən sərinləşdirici energetik içki rəhbərinin adı məlum olub.
Foodinfo.az-ın əldə etdiyi xəbərə görə, bu şəxs “Hell Azərbaycan” şirkətinin rəhbəri Elman İbrahimovdur.
Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən E.İbrahimov Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib. Həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dolları pul tələb ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməlləri etiraf ediblər.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.