AZZA Şirniyyat Evi Azərbaycanda tort və qənnadı məhsullarının ən məşhur istehsalçısıdır. 2004-cü ildə geyim mağazası kimi yaradılan  AZZA sonradan kafe kimi də fəaliyyət göstərib. Dörd il sonra şirniyyat biznesinə başlayan AZZA bu gün ölkədə ən böyük şirniyyat mağazalar şəbəkəsi ilə müştərilərə məhsullarını təklif edir.
"O vaxtı biz pərakandə geyim satışı ilə məşğul idik. İtaliyadan 18 brendi idxal edib onu multi-brend mağazada müştərilərə təqdim edirdik. Buradan başladı AZZA hekayəsi”- deyə AZZA-nın baş direktoru Rəhman Əbdürəhmanov xatırlayır.
Rəhman Əbdürəhmanovun sözlərinə görə 2008-ci ildə tort biznesinə başlamaq barədə qərar verəndə o Bakının Fəvvarələr Meydanında AZZA adlı üçmərtəbəli kafe işlədirdi.
"Orada biz dadlı desert və tortlar hazırlayıb müştərilərə təqdim edirdik. Hər kəsin də bu desertlər çox xoşuna gəlirdi. Oradan bir fikir yarandı ki, Avropa üslublu tortlar təqdim etməklə Azərbaycan bazarında bir yenilik edək”.
Neft gəlirləri hesabına əhalinin yaşayış səviyyəsi yaxşılaşdıqca  ölkədə orta təbəqə artıb.  Daha çox insan orqanik  ingrediyentlərdən hazırlanan sağlam və yüksək keyfiyyətli məhsullara üstünlük verməyə başlayıb.
"Biznesə başlayarkən Avropa üslüblu tortlar yox idi. Sovet reseptri ilə hazırlanan retro tortlardan fərqli olaraq onlar daha yüngül olur. Bizim tortlardan 3-4 dilim yedikdə belə ağırlıq hiss olunmur. Çünki əvvəlki tortların biskviti  çox olduğundan onu yeyəndə tez ağırlaşırsan.Müştəri bizim tortları qəbul elədi və bununla da işimiz başlamağa qərar verdik”,- deyə R. Əbdürəhmanov bildirir. Şirkətin direktoru uğur qazanmasının səbəblərindən birini İSO 22000 Beynəlxalq Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiq edilməsi ilə əlaqələndirir. Sertifikasiya Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi və Avropa İttifaqının "EU4Business” təşəbbüsü  altında maliyyələşdirdiyi layihə çərçivəsində əldə olunub. "Yerli şirkətin konsultasiyasından yararlanmaq bizə İSO 22000 sertifikasiyasını əldə etməyə səbəb oldu. Biz bu  standartı sadəcə istədiyimiz üçün tətbiq etmədik. Bu standarta uyğunlaşmaq üçün biz iki il hazırlaşdıq. Biz həqiqətən bu sistemin tətbiqində maraqlı idik cünki  işləyən bir sistemin olmasını istəyirdik və  buna nail olduq. AYİB konsultasiyaya ödənilən xərclərin yarısını qarşıladı”- deyə şirkətin direktoru əlavə edir.
Müsahibim bildirir ki, bu standartın əsas prinsiplərindən biri  xammalın alınmasından tutmuş yekun məhsulun müştəriyə təqdim olunmasına qədər  qida zənciri boyunca bütün prosesin təhlükəsizliyinə nəzarət etməkdən ibarətdir. Sözügedən standartın tətbiqi nəticəsində şirkətin istehsal etdiyi məhsullarına əminliyi daha da artdı. Layihə Avstriyadan maliyyə dəstəyi alıb.
 "Bu gün mən dünkanlarımızdakı hər bir məhsulun saxlama müddətini bilirəm. Mən sizə qarantiya verə bilərəm ki, dükanlardakı bütün məhsullar təzədir, tam təhlükəsiz və gigiyenik şəraitdə saxlanılır.  Siz bizim dükanda həç  vaxt  saxlama müddəti ötmüş məhsul tapa bilməzsiniz. Budur bizim gücümüz. Bu standarta nail olmaqda həmin  layihənin böyük dəstəyi oldu.  Konsultant dəvət olunanda bizim 14 dükanımız var idi, bu gün isə onların sayı 54-ə çatıb”  - deyə Rəhman Əbdürəhmanov fəxrlə qeyd edir.
AYİB-in dəstəyi ilə həyata keçirilən ikinci layihə çərçivəsində  şokolad və qənnadı üzrə belçikalı mütəxəssis Beni Pollet AZZA-ya konsultant kimi cəlb olunub. Avropalı ekspert dünyanın ən məşhur şokolad fabrikində 25 illlik təcrübəyə malikdir.
"İstehsalımızın inkişafında onun böyük rolu oldu. O bizə xammalın keyfiyyət səviyyəsinin önəmini  başa saldı. Yüksək keyfiyyətli ingrediyentlər istehsal edən xarici şirkətləri  tapmaqda bizə dəstək oldu. Daha sonra onlarla əlaqə qurduq və başladıq xammalı idxal etməyə. O zaman bizim 5-6 dükanımız var idi və yerli məhsullardan istifadə edirdik. Hazırda biz dünyanın hər yerindən xammal gətiririk. Biz xammalımızı xaricdən özümüz gətiririk. Arada distribyutor yoxdur. Bu da xərcləri qismən azaldır. Məsələn ən bahalı, ən təmiz və keyfiyyətli  Çili qozu gəlir, şokolad  Belçikadan, krem Danimarkadan gəlir”,- R.Əbdürəhmanov bildir.
Avropa Ittifaqının maliyyələşdirdiyi üçüncü layihə 2015-2016-cı illərdə həyata keçirilib. Şirniyyat evi məhsullarının ümumi istehsalı və satışının artırılması üçün Hollandiyadan olan beynəlxalq dərəcəli mütəxəssis Yaap Molenaarın konsultasiya xidmətindən yararlanıb.
 "O zaman biz artıq çoxlu planları olan böyümüş bir şirkət idik. O bizə istehsalda olan problemləri aradan qaldırmaqda dəstək oldu. Burada istehsalat üçün avtomatlaşdırılmış avadanlıqların alınması məsələsi var idi və biz müəyyən sınaqlar etdik. Layihənin digər hissəsi satışa yönəlmişdir. Biz fəaliyyətimizdə "Müştərinin istəklərini günün 24 saatı anlamaq” konsepsiyasını tətbiq etdik. Layihə çərçivəsində biz Avropa bazarında olan iri şirkətləri, fabrikləri gəzdik, onların istehsalat prosesi ilə tanış olduq. Sonda ən yaxşı təcrübəni ölkəmizə gətirdik”.
Cənab Əbdürəhmanov uğurlarının digər bir sirrini AZZA-nın müştəri yönümlü yanaşması ilə əlaqələndir.
"Biz heç vaxt deməmişik ki, "biz nə versək müştəri onu alacaq”. Əksinə müştəridən soruşmuşuq ki, "Siz nə istəyirsiniz?”. Biz hər zaman onların fikirlərinə önəm vermişik. Bundan başqa, bizim iki qrupdan ibarət dequstasiya komissiyamız var. Onlar hər bir tort modelinə rəy verir. Tort komissiyanın müsbət rəyini aldıqdan sonra məhsul müştəriyə təqdim olunur”.
Hər bir torta sənət əsəri kimi baxılır. AZZA-ya tez-tez müxtəlif nağıl qəhramanlarının heykəlləri   sifariş olunur. Aşağıdakı "Donmuş” animasiya filminin qəhramanları da belə sifarişlərdən biridir. Bu səbəbdən  şirkət bu işə peşəkar heykəltaraşlar cəlb ediblər.
Hazırda mağaza və istehsalat sexi daxil olmaqla AZZA-da 600 insan  işlə təmin olunub. Şirkət öz fəaliyyətini daha da genişləndirərək Gəncə, Sumqayıt və Xirdalan şəhərlərində satış nöqtələrini açıb. Şirkətin məhsullarına olan yüksək tələbat yeni istehsal müəssisəsinin inşasını labüd edir.
"Biz  26 adda tort, ümumilikdə 104 adda məhsul istehsal edirik. Hazırda 54 mağazamız var. Növbəti üç ildə onlarının sayının 150-yə  çatdırmağı qarşımıza məsqəd qoymuşuq. Bu gün biz 12600 kv metr sahədə fabrik inşa etməyə hazırlaşırıq. Yerimiz var, fabrikin layihəsi artıq hazırdır. Orada 1000 nəfər üçün iş yeri nəzərdə tutulub”. (Anews.az)