Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi, baytarlıq sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub. Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.