Azərbaycan Nazirlər Kabineti soğan, kartof və kələmin ixrac gömrük rüsumunun artırılması barədə qərar qəbul edib.
Belə ki, kartofa tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 aprelinədək 1 kq üçün 1 dollar (əvvəl 0,8 dollar), soğana və kələmə tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 mayınadək 1 kq üçün 2 dollar (əvvəl 0,6 dollar) olacaq.
Ekspertlərin fikrincə, Nazirlər Kabinetinin qərarı daxili bazarda qiymət artımının qarşısını aımaq məqsədi daşıyır. Daxili bazrda soğanın qiyməti mart ayı ərzində 3 dəfədən çox artaraq 1 manat 20 qəpikdən 2 manat arasında dəyişib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin sözlərinə görə, Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artması Azərbaycanın daxili bazarında qiymət artımına əsas səbəbdir.
"Adətən Azərbaycan yaz mövsümündə 2-3 min ton faraş soğan ixrac edirdi, amma bu ilin ilk iki ayı ərzində biz 7300 ton soğan ixrac etmişik. Ötən ilin yanvar-fevral ayı ərzində bu, 1200 ton olub. Türkiyəyə 5900 ton soğan ixrac olunub və bu, soğanın bazar dəyərində ajiotaj yaradıb", Fikrətzadə bildirib.
Mənbə: amerikaninsesi