İmişlinin fərdi fermer təsərrüfalarında taxıl biçininə başlanıb və ilk iş günündə 85 hektar sahədə biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 28,3 sentner olub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, 2019-ci ilin payızında rayonda 18 min 558 hektar sahədə taxıl əkilib. Bunun 7 min 62 hektarı arpa, 1089,8 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 36,7 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.   İki gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib. Bu məqsədlə sahələrə 40-a yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 85 min ton məhsul götürmək mümkün olacaq. Qeyd edək ki, ötən il rayonda 19 min 37 hektar taxıl sahəsindən 70 min 812 ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 36,7 sentner olub.