Facebook sosial şəbəkəsinin aktiv istifadəçisi, jurnalist Zülfüqar Xeyirxəbər “Veysəloğlu” şirkətinə məxsus obyektlərdə xarab olmuş yeməklərin satıldığı haqda məlumat yayıb. Məlum hadisə Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki “Spar” marketlər şəbəkəsində qeydə alınıb. Belə ki, həmin mağazadan qızardılmış kartof alan müştəri onu yeyərkən iylənmiş tam və qoxu hiss edib. Yeməyi mağazaya geri qaytarıb və həmin qidanın piştaxtadan yığlışdırılmasını tələb edib. Mağazanın administratoru əvvəlcə köhnəlmiş məhsul satmadıqlarını iddia etsə də, qidanı qoxladıqdan sonra malın satışdan çıxarılması barədə göstəriş verib.
Məsələ ilə bağlı qarşı tərəfin fikrini də öyrənmək üçün "Spar" mağazalar şəbəkəsinin mətbuat xismətinin rəhbəri Billurə Əmirova ilə əlaqə saxladıq.
- 26 mart tarixində, təxminən axşam saat 9 radələrində müştəri Bünyad Sərdarov küçəsində yerləşən "Spar" marketdən kartof qızartması alıb, daha sonra iyi xoşuna gəlməyərək geri qaytarıb və pulu geri ödənilib. Məlumat üçün bildirim ki, "Spar" marketlərdə müştərilərə təqdim olunan hər növ salat və yeməklər hazırlanarkən istifadə olunan ərzaqların təzəliyinə ciddi nəzarət olunur, həmçinin gigiyena qaydalarına və saxlanma şəraitinə xüsusi diqqət yetirilir. Vitrində müştərilərə təqdim olunan hazır yeməklər hər gün yenilənir. Həmin günü kartof qızartması ilə bağlı hər hansısa şikayət olmayıb.
Zülfüqar Xeyirxəbər isə artıq məsələ ilə bağlı rəsmi şəkildə Qida Təhlükəsizlik Agentliyinə şikayət edəcəyini vurğuladı:
- Mənim şikayətimdən sonra "Spar"ın adminstratoru piştaxtadan iylənmiş kartof qızartmasını yığışdırmağı göstəriş verdi. Əgər hər şey qaydasında idisə, niyə yığışdırdılar? Billurə xanım kameraları açdırıb baxdırsın. Artıq Qida Təhlükəsizlik Agentliyi mənimlə əlaqə saxladı. Rəsmi qaydada şikayətimi yazıb verəcəyəm!