“Jalə” nar şirələri “Made in Azerbaijan” brendini Yaponiyada uğurla təmsil edir.
Bu sözləri “Jale Japan” şirkətinin prezidenti, yapon iş xanımı Kyoko Yamamoto deyib.
Artıq beş ildir ki, Yaponiyada “Made in Azerbaijan” brendinin layiqli nümunəsi olan “Jalə” nar şirəsinin satışının təşkili ilə məşğul olduğunu bildirən xanım K.Yamamoto vurğulayıb ki, təbiiliyi və yüksək keyfiyyəti ilə seçilən bu məhsul digər ölkələrdən olan rəqiblərini asanlıqla üstələyir. Yaponiyanın ərzaq satışı marketləri Azərbaycan məhsuluna böyük maraq göstərirlər. Tanınmış market şəbəkələri böyük məmnunluqla öz piştaxtalarında “Jalə” şirəsinə yer ayırırlar.
“Jalə” şirələrini Yaponiyaya gətirməkdə məqsədinin yalnız mənfəət əldə etmək yox, həm də insanların səhhətini yaxşılaşdırmaq olduğunu bildirən K.Yamamoto 2011-ci ildə baş vermiş dəhşətli zəlzələ və sunaminin ziyan vurduğu rayonlarda onun satışının uğurla davam etdiyini söyləyib: “Şirələrin ilk partiyası Yaponiyaya daxil olan kimi mən Fukuşimaya yollandım. Burada təşkil edilən konsertim zamanı, bildiyiniz kimi mən həm də müğənniyəm, “Jalə” şirələrini tamaşaçılara pulsuz payladım. “Jalə” şirələri tamaşaçılar tərəfindən böyük sevinc və maraqla qarşılandı”.
Bizimlə diplomatik korpusa məxsus “Nissin” marketində təsadüfən qarşılaşan K.Yamamoto bildirdi ki, burada şirənin satışı artıq bir il üç aydır ki, davam edir. Şəxsən “Jalə” şirəsini alıcılara təklif etməkdən zövq aldığını söyləyən xanım K.Yamamoto vurğulayıb ki, şirənin keyfiyyəti onlar tərəfindən çox yüksək qiymətləndirilir.
“Jalə” mənim həyatımdır”, - deyən yapon xanımı qarşıdakı dövrdə bu şirənin satışı üçün Yaponiyanın digər prefekturalarına səfərə hazırlaşdığını da bildirib.
Yüksək keyfiyyətli məhsul istehsalına görə Azərbaycan xalqına minnətdarlığını bildirən K.Yamamoto, zəngin mədəniyyətə malik bir xalqla işbirliyinin onda böyük qürur hissi doğurduğunu vurğulayıb. (AZƏRTAC)