Azərbaycanın ilk milli markası olan “Azərçay”ın Rusiyanın məşhur aparıcısı Leonid Yakuboviçin iştirakı ilə hazırlanmış reklam çarxı televiziya kanallarının efirlərində nümayiş etdirilməyə başlayıb.
Son illərdə rusiyalı istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan və bazar payını sürətlə artıran milli markamızın bu çarxı Rusiyanın 25-dən artıq bölgəsində, federal kanallarda yayımlanmaqdadır.
Bir ildən artıqdır ki, MDB-nin ən məşhur televiziya layihələrindən biri olan və təxminən 300 milyonluq auditoriyaya malik “Pole Çudes”in sponsoru olan “Azərçay”, “Made İn Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi şərəflə təmsil edir.
Milli markamızın dəstəyi ilə yayımlanan “Pole Çudes” verilişində Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin tanıdılmasına xüsusi diqqət ayırılır.
Qeyd edək ki, adıçəkilən reklam çarxını həmçinin yerli televiziya kanallarımızda da izləyə bilərsiniz, yaxın vaxtlarda isə Leonid Yakuboviçin iştirakı ilə hazırlanmış ikinci reklam çarxının efirə çıxacağı gözlənilir. (Trend)