Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 808 baş iribuynuzlu mal-qara və 115 min 800 baş qoyun-keçi saxlanılır. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 647 baş çoxdur. Naxırda ana inək və düyələrin sayı 32 min 332 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən 4 ayı ərzində rayonda 1678 ton ət (diri çəkidə), 8 min 544,4 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 0,7 ton, süddən isə 89 ton çoxdur.