Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunub. Foodinfo.az xəbər verir ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, prosseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda öz əksini tapıb. Elmi- publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir. Qeyd edək ki, kitabın təqdimat mərasimi mayın 24-də saat 11-də BMM-də baş tutacaq.