Aprelin 30-da DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Dərhal Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.
Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hücuma məruz qalan Elçin Abdullayev “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışır. (Report)