Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində, 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) xarici ticarətin gömrük statistikasının aylıq hesabatında qeyd olunub.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə, illik nisbətdə 1 mln. 392,28 min dollar və ya 16,41% çoxdur.
2017-ci ilin yanvar-fevral aylarında ölkəyə kərə yağının idxalı isə azalıb. Belə ki, Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində, 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ekspertlərlə ölkəyə kərə yağının idxalının azalma səbəbləri araşdırılıb.
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, bu prosesə bir neçə faktorun təsiri var: "Birincisi, 2017-ci ildə kərə yağının qiymətində ciddi artım baş verib. Müxtəlif hesablamalara görə, il ərzində kərə yağının qiymətində, təxminən 30 faiz artım olub. Bu artım son nəticədə əhalinin istehlak gücünün azalması ilə nəticələnib. Böyük ehtimalla, prosesin fonunda bu gün idxalçıların anbarlarında olan qalıq kərə yağının həcmi ötən dövrlə müqayisədə daha çoxdur. Bu isə tələbatın aşağı düşməsi fonunda idxalın azalmasına gətirib çıxaran faktordur".
Ekspertin sözlərinə görə, ikinci səbəb isə, qiymətlərin artması, xüsusilə yüksək keyfiyyətli məhsul növləri üzrə, əhalinin istehlak istiqamətinin dəyişməsinə gətirib çıxarıb: "Hazırda ölkə vətəndaşları nisbətən daha keyfiyyətli, lakin ucuz yerli məhsulların istehlakına üstünlük vermək məcburiyyətində qalıblar. Böyük ehtimalla prosesə təsir edən ikinci faktor budur".
İqtisadçı düşünür ki, üçüncü faktor bu prosesdə iştirak edən, yəni kərə yağını ölkəyə idxal edən əsas şirkətlərin strategiyaları ilə bağlı ola bilər: "Ola bilsin, ötən il bu şirkətlərin məhsul idxalı ilin əvvəlki aylarına düşüb. Bu gün isə bu, texniki baxımdan, ən müxtəlif səbəblərdən həmin dövrə düşməyib və ona görə də statistik rəqəmlərdə əksini tapmayıb".
"Çünki belə bir standart yanaşma yoxdur ki, şirkət konkret aylar üzrə konkret miqdarda, həcmdə yağ idxal etməlidir. Bu, onun proseslərə yanaşmasından, bazarla bağlı proqnozlarından, qiymətin artıb-artmayacağı ilə bağlı əldə etdiyi informasiyalardan asılıdır" — müsahibimiz qeyd edib.
R.Həsənov vurğulayıb ki, 2017-ci ildə dünya bazarlarında da yağın qiymətində müəyyən qədər artım baş verib: "Belə bir şəraitdə bazarın birbaşa iştirakçılarının əvvəlcədən öz mövqelərini buna uyğunlaşdırması mümkün idi: "Bu gün isə beynəlxalq bazarlarda yağın qiymətində dəyişiklik o qədər də hiss olunmur. Bu isə son nəticədə təbii ki, şirkətlərin idxalla bağlı qəbul etdiyi qərarlara da öz təsirini göstərir. Yəni ən müxtəlif faktorların nəticəsində biz bugünkü nəticəni müşahidə edirik".
İqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, kərə yağının idxalının azalmasının birinci səbəbi qiymətin yüksək olduğu üçün tələbin azalmasıdır: "Qiymət yüksək olduğu üçün vətəndaşlar daha az kərə yağından istifadə etməyə başlayıblar. Nəticə etibarı ilə qiymətin yüksək olması tələbin azalmasına gətirib çıxarır. Çünki adətən məhsulun qiyməti artan zaman ailələr ödəmə qabiliyyətinə uyğun olaraq qənaət etməyə üstünlük verirlər. Bu da tələbin azalmasına və bütövlükdə kərə yağı üzrə satış dövriyyəsinin azalmasına gətirib çıxarır. O baxımdan, bu da idxalın azalmasında özünü göstərir".
V.Bayramov qeyd edib ki, yerli istehsalın artması da səbəblərdən biridir: "Çünki son dövrlər, xüsusən də rayonlarda istehsal edilən kərə yağlarına tələb artıb. Bu da birbaşa onunla bağlıdır ki, həmin kərə yağlarının qiyməti idxal edilən kərə yağları ilə müqayisədə daha ucuzdur. Ucuz olduğuna görə tələbin artması müşahidə olunur. Amma hələlik daha çox fermer təsərrüfatları səviyyəsində, hətta bəzi hallarda ev təsərrüfatları səviyyəsində istehsal edilən kərə yağına tələbin artması müşahidə olunur".
Ekspertin fikrincə, yerli istehsalın genişləndirilməsi prioritetdir: "Amma hələlik bunun üçün kərə yağı istehsal edən zavodların qurulmasına, eyni zamanda, daha sistemli istehsal müəssisələrinin formalaşması səviyyəsinə keçid edilməsinə ehtiyac var. Amma hələlik yerli istehsalın, xüsusən də rayonlar səviyyəsində istehsalın artması və tələbin bir hissəsinin məhz bu istehsal hesabına ödənilməsi müşahidə edilməkdədir. Tələbin azalması, tələbin bir hissəsinin yerli istehsal hesabına ödənilməsi idxal olunan kərə yağına tələbin azalmasına və nəticədə idxalın azalmasına gətirib çıxarıb". (Sputnik Azərbaycan)