Bizim birlik Latviyanın on üç böyük müəssisəsini bir araya gətirir. Onlar birlikdə ölkədəki südün təxminən 80%-ni emal edir. Biz “WorldFood” sərgisində məmnuniyyətlə iştirak edirik, çünki Azərbaycan bazarını yaxşı tanıyırıq. Mötəbər sahibkarlarla çoxillik əməkdaşlıq təcrübəmiz var.
Foodinfo.az xəbər verir ki, bunu Latviya “SİA” Süd Emalçıları Birliyi İdarə heyətinin sədri Yanis Şolks Bakıda keçirilən Qida sərgisi çərçivəsində bildirib.
O deyib ki, məhsul dövriyyəsinə təsir göstərən çatdırılma ilə əlaqədar bəzi problemlərimiz olub. Bu gün isə biz bu məsələyə və loqistikanın digər şərt və prinsiplərinə dair yeni həll variantlarını təklif edirik. Məqsədimiz əməkdaşlığı davam etdirmək və satış həcmini artırmaq, eləcə də ekoloji cəhətdən təmiz süd və istənilən növ süd məhsullarını təklif etməkdir.
Bu il Avropa İttifaqının dəstəyi ilə Latviyanın “TastyMilk” məhsullarının üçüncü ölkələrin bazarında dəstəklənməsi və təşviqi üzrə layihə çərçivəsində ölkənin dörd böyük şirkətini eyni stenddə bir araya gətirmişik. “TastyMilk” məhsullarının satışı birliyimiz tərəfindən həyata keçirilir.
Bu şirkətlər südlü çərəz, qaymaq və üzvi məhsullara əsaslanan məhsul, pendir, konsentratlı zülallı məhsul istehsalçılarıdır. Bütün məhsullar müxtəlif münasib qablaşdırmada, ölkənizin isti iqlimi və ölkələrimiz arasındakı məsafə nəzərə alınmaqla fərqli saxlama müddəti ilə təklif edilir. Stendimizdə istənilən növ məhsul ilə tanış ola, məlumat ala və məhsulların dadına baxa bilərsiniz. Bütün məhsul çeşidləri arasında yeni xüsusi pendir növləri xüsusi yer tutur.