Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində növbəti hərrac keçiriləcək.
Komitədən Foodinfo.az-a verilən məlumata görə, investorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin 10-u sənaye, 6-sı tikinti, 3-ü təmir sahəsinə aiddir. Həmin səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Beyləqan, Goranboy və digər bölgələrdə yerləşir.
Məişət, iaşə, qida, toxuculuq sahəsində öz biznes fəaliyyətini qurmaq istəyənlər üçün kifayət qədər əmlaklar var. Eyni zamanda alıcılar təmir, sənaye, nəqliyyat sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Daşkəsən, İmişli, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir.
İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri "Beyləqan Yağ-Pendir” Zavodudur. Sərmayəçi adı çəkilən əmlaka kapital yatırmaqla biznesini yeyinti sənaye sahəsində fəaliyyətini genişləndirə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxındır. Ərazisinin geniş olması isə investora əlavə iqtisadi fayda gətirə bilər.