Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 3-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.
Komitədən Foodinfo.az-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir (ASC).
Qeyd edək ki, özəlləşdirilməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.