Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında maarifləndirici aksiya və flaş-mob keçirilib. 

Foodinfo.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd uşaqlar arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının uşaqlar arasında da təbliğ edilməsi və qida təhlükəsizliyi vərdişlərinin aşılanması, onlara bu sahənin vacibliyi ilə bağlı biliklərin verilməsidir.

AQTA əməkdaşlarının, Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin və Qida Təhlükəsizliyi Könüllülərinin iştirakı ilə baş tutan tədbirlərdə uşaqlar qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlandırılıb. Həmçinin onlara “Şəkəri azalt, ömrünü uzat!”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydası”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “Şəxsi gigiyena qaydaları” mövzularında maarifləndirici bukletlər və “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz” adlı kitabçalar paylanılıb, müxtəlif hədiyyələr təqdim olunub. Bundan başqa, maarifləndirici tədbir zamanı azyaşlılar Yaşıl Dünya Konsepsiyasında bitki sağlamlığının rolu barədə də məlumatlandırılıb, yaşıllığın mühafizəsinin qida təhlükəsizliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.  

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində uşaqlar, məktəbli və yeniyetmələr arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Agentlik tərəfindən bu çərçivədə məktəblilər arasında “Təhlükəsiz qida ilə sağlam gələcəyə”, “Qida təhlükəsizliyi uşaqların gözü ilə” adlı rəsm müsabiqələri, “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” və digər layihələr həyata keçirilib ki, burada da məktəblilərin sağlam və təhlükəsiz qidalanma ilə bağlı maarifləndirilməsi prioritet təşkil edir.