Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, m.15 ünvanında fəaliyyət göstərən, “Zakiroğlu” MMC-yə məxsus “Heel” aptekdə yoxlama keçirib.
Foodinfo.az xəbər verir ki, baxış zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, aptekdə idxal sağlamlıq aktı olmayan və etiketlənməsində Azərbaycan dilində məlumatlar qeyd edilməyən “Şahmerdan” və “Wonderful Honey” əmtəə nişanlı bitki tərkibli məcunların satışının həyata keçirildiyi, həmçinin mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsan aşkarlanmış məhsulların satışının dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub və uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.