Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Məmmədrəhim Nəcəfov Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamentində (DEFRA) bir sıra görüşlər keçirib. 

Foodinfo.az xəbər verir ki, görüşlər zamanı DEFRA nümayəndələrinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri, eləcə də baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün normativ bazanın yaradılması məqsədilə Anlaşma Memorandumunun imzalanması imkanları nəzərdən keçirilib. Ekvivalentliyin tanınmasının iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə göstərdiyi təsir, respublikamızdan Böyük Britaniyaya kürü məhsullarının ixracı və idxal-ixrac məhsulları üzrə müvafiq sertifikatların razılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Böyük Britaniyanın baytarlıq, fitosanitar və referens laboratoriyaları arasında əməkdaşlığın qurulmasına dair məsələlər müzakirə olunub.  

Görüşdə qarşılıqlı maraq doğuran və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı digər məsələlərə də toxunulub.