Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində Analitik Ekspertiza Mərkəzinin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya alkoqolsuz içki nümunəsində benzoy turşusu, sorbin turşusu, pH və briks parametrlərinin təyini üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, ARSL bundan əvvəl Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.