Son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı bu məhsulların geniş ixracı üçün də imkanlar yaratmışdır. Ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixracı artmış və bəzi qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunmuşdur.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib. Qazaxıstana atların ixracı bərpa olunub, Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çin Xalq Respublikasına quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub:
"Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və kefiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olmuşdur. Bu istiqamətdə Agentlik hər zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə tədbirlərini həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, sərgidə Qida Təhlükəsiszliyi Agentliyinin maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq. Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandırın bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı məlumatları əldə edə bilər".