Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi bildirilib. Bildirilib ki, bununla əlaqədar İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.