Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.
Foodinfo.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bu gün Moskva şəhərində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümum-Rusiya Dövlət Mərkəzində olub. Onlar Mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxıb, laboratoriyalarına baş çəkiblər. Daha sonra Mərkəzin tabeliyindəki Eksperimental Bioloji Laboratoriyanın (vivarium) fəaliyyəti, o cümlədən infrastrukturu və maddi-texniki bazası, orada saxlanılan heyvanların növü və sayı, baytarlıq-sanitariya tələbləri, işçi heyəti və digər məsələlərlə tanış olublar.
Ötən gün isə nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskvada keçirilən Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Eyni zamanda F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub, laboratoriya və vivariuma baxış keçirib.
Qeyd edək ki, səfər zamanı nümayəndə heyətinin keçirdiyi görüşlərdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən qida məhsullarının idxal-ixrac əməliyyatlarına dair müzakirələr aparılıb.