Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.

Foodinfo.az-ın xəbərinə görə, bldirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri Agentlik tərəfindən təsdiq edilməlidir. Bundan ötrü həmin müəssisələrin respublikamızda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində və ya vizualizasiya yolu ilə qiymətləndirilməlidir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

Ötən müddət ərzində müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılıb. Müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat və metodiki tövsiyələr verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıqlar edilib, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsi üçün onlara müəyyən vaxt verilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bəzi sahibkarlar isə həmin müəssisələrdə istehsal olunan məhsulları ölkəmizə gətirməyə cəhd göstərirlər. Qeyd olunan hallarla bağlı Agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və ya istehsalçı ölkəyə geri qaytarılır.

AQTA bəyan edir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edilə bilməz. Belə obyektlərdə istehsal edilən məhsulların qanunsuz olaraq ölkəmizə gətirilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bununla yanaşı, Agentlik bir daha cavabdeh qida subyektlərini və ya onların respublikamızdakı səlahiyyətli təmsilçilərini ölkəmizə yüksək risk qrupuna aid olan qida və yem məhsullarını gətirmək üçün müvafiq müəssisələri təsdiqdən keçirməyə dəvət edir. Eyni zamanda sahibkarların nəzərinə çatdırır ki, sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytından, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə isə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risk qrupuna aiddir.