Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Bildiririk ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifentrin tərkibli preparatlardan istifadə edilməsi səmərəli hesab olunur. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda, dərmanlama təkrarlana bilər. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə, təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayıla bilir. Hazırda zərərvericinin yayıldığı arealda əhalinin maarifləndirilməsi üçün bukletlərin paylanılmasına başlanılıb. Vətəndaşlara diqqətli olmaq, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunur.