Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” saziş layihələri ilə bağlı müzakirələr aparılıb. Misirdə fəaliyyət göstərən və yüksək riskli məhsullarını ölkəmizə ixrac etmək istəyən müəssisələrin qeydiyyatı məsələlərinə toxunulub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.