Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, qidalanma metodologiyasının müəyyənləşdirilməsi, uşaq evlərində yeməkxanalara dair təlimatlandırıcı sənədlərin, eləcə də qida sahəsində bir sıra normativ aktların hazırlanmasında birgə əməkdaşlıq və pilot layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində yoxlamalar və müvafiq dövlət nəzarəti tədbirləri həyata keçirilir. Bu yoxlamalar eyni zamanda qida sahəsində istehlakçıların, o cümlədən uşaqların hüquqlarının müdafiəsini də təmin edir. Həmçinin qeyd olunub ki, həyata keçirilən birgə tədbirlər zamanı qida təhlükəsizliyi sahəsində əhalinin, xüsusən böyüməkdə olan nəsillərin maarifləndirilməsi və ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Uilliam Abi Abdallah əməkdaşlığı yüksək qiymətləndirərək birgə fəaliyyətin qarşıdakı illərdə də müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
[gallery ids="52565,52566,52567"]