Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimlər davam etdirilir. Bu çərçivədə növbəti təlim 20.11.2023-cü il tarixində saat 15:00-da AQTİ-də keçiriləcək. Təlimlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (+994) 050 317 52 09 nömrəli telefona zəng edə bilərlər.
Foodinfo.az xəbər verir ki, təlimdə İnstitutun peşəkar mütəxəssisləri tərəfindən iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək. Həmçinin təlimlərə qatılan şəxslər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.