Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Onlar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.

 

İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.

 

Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğun olaraq, sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir.