Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) könüllülər üçün təcrübə proqramına başlayıb.

Foodinfo.az xəbər verir ki, proqramın təşkil olunmasında əsas məqsəd qida təhlükəsizliyi sahəsi ilə bağlı ixtisaslara yiyələnən gənclərə dəstək vermək, onların ixtisaslarını daha dərindən öyrənmələrinə və praktiki təcrübə qazanmalarına kömək göstərmək, həmçinin müvafiq sahədə kadr ehtiyatının yaradılmasını təmin etməkdən ibarətdir.

Bu çərçivədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülər arasında seçim aparılıb və fəaliyyətlərində fərqlənən 8 nəfər təcrübə proqramına cəlb olunub. Onlar 3 ay müddətində İnstitutun iş prosesində iştirak edəcək, praktiki təcrübə qazanacaqlar. Eyni zamanda ixtisaslarına uyğun olaraq təlimlərə cəlb ediləcəklər.   

Proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində tədbirlər görülür. Onlar təcrübə proqramlarına, infoturlara, həmçinin maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb edilirlər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq qurulur, müvafiq işlər görülür. Könüllülərdən ibarət məlumat bazasının yaradılması və onların mükafatlandırılmasının həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir.