Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əməkdaşlarının ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşləri davam edir. Müvafiq fəaliyyət istiqaməti üzrə növbəti görüş UNEC - Azərbaycan Dövlət İqtisad Universitetində qida mühəndisliyi fakültəsinin tələbələri ilə keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə tələbələrə AQTİ-nin müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə həyata keçirilən elmi-praktiki araşdırmalar, tədqiqatlar, laborator analizlər və sınaq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, İnstitutda elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. Həmçinin AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir, yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına kömək göstərilir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Görüşdən sonra iştirakçılar UNEC-in Aziz Sancar adına Qida Təhlükəsizliyi, Qida Mikrobiologiyası və Qida Texnologiyası laboratoriyalarına baxış keçiriblər. Baxış zamanı bu laboratoriyaların müasir texnologiya və avadanlıqlarla təchiz olunduğu bildirilib. Həmçinin laboratoriyalardan istifadə ilə bağlı AQTİ ilə UNEC arasında qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Qeyd edək ki, AQTİ-nin əməkdaşlarının UNEC ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələrilə də görüşləri olub. Tədbirlər AQTİ ilə adıçəkilən universitetlər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə həmin ali məktəblərdə təhsil tələbələrin potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.