Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Təlimdə qida sahəsində fəaliyyət göstərən müxtəlif qida subyektlərinin istehsal, anbar və keyfiyyətə nəzarət mütəxəssisləri, eləcə də digər cavabdeh əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara sanitar-gigiyenik normalar, müəssisələrdə tətbiq edilən qida təhlükəsizliyi standartları, həmçinin qida məhsullarının emalı, saxlanması, daşınması zamanı gigiyenik tələblər haqqında geniş məlumat verilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.