Azərbaycan ilə Türkiyənin gömrük və qida təhlükəsizliyi sahəsi üzrə qurumlarının iştirakı ilə görüş keçiriləcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Foodinfo.az-a bildirilib ki, bu barədə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında deyilib.
İclasda Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycanın paytaxtı Bakı və digər regionlardan Naxçıvan Muxtar Respublikası və əks istiqamətdə yüklərin, xüsusilə də diri heyvanların daşınması məsələsi də müzakirə edilib. Məsələnin qısa zamanda müsbət həlli üçün iki ölkənin qida təhlükəsizliyi sahəsində aidiyyəti qurumlarının da iştirakı ilə görüşün keçirilməsi razılaşdırılıb.
Bundan başqa, “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş”ə (2017-ci il iyulun 19-da Bakıda imzalanıb) əsasən, test şəraitində həqiqi məlumatların mübadiləsinin tətbiqi ilə bağlı infrastruktur hazırlığının tamamlanaraq işə salındığı bildirilib. Saziş çərçivəsində müvafiq texniki şərtlərə dair danışıqların başa çatdırılması qərara alınıb.