Bakıda İtaliya Ticarət Agentliyi (ITA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədilə “Azərbaycan və İtaliya – daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilir.
Foodinfo.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumları, yerli hakimiyyət orqanları, beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə yanaşı kənd təsərrüfatı və qida sənayesi sektorunda fəaliyyət göstərən İtaliyanın 12 şirkəti və Azərbaycanın 100-dək iş adamı iştirak edirlər.
Tədbirdə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, beynəlxalq standartlara, kənd təsərrüfatı və sənaye sektorlarında istehsalın artırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq, ölkəmizdə sözügedən sahələrin imkanlarından maksimum effektiv yararlanmağın vacibliyindən, təcrübə mübadiləsinin əhəmiyyətindən danışılacaq. Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edəcək.
Qeyd edək ki, İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyası (FederUNACOMA) və İtaliya Maşınqayırma və Mühəndislik Sənayeləri Assosiasiyaları Federasiyasının (ANIMA) birgə dəstəyi ilə Azərbaycana səfər edən İtaliya şirkətlərindən ibarət nümayəndə heyəti səfər çərçivəsində kənd təsərrüfatı ilə bağlı sənaye rayonlarına gedəcək, eləcə də Bakıda keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“CaspianAgro 2024”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini (“InterFood Azerbaijan 2024”) ziyarət edəcəklər.