Yanvar ayının 1-dən ölkədə daha bir agentlik - Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.
Bəs paytaxt əhli alış-veriş zamanı hansı ölkənin ərzaq məhsullarını almağa üstünlük verir?
"ACT-Azərbaycan"dan Foodinfo.az-a verilən məlumata görə, rəyi öyrənilmiş sakinlərin yarıdan çoxu yerli istehsal olan ərzağı alır (56 %). Belə ki, sorğuda iştirak etmiş kişilərin 60%-i, qadınları isə 52 %-i Azərbaycan istehsalı qida məhsullarına üstünlük verir.
Rusiya mənşəli qida məhsullarının daha keyfiyyətli olduğuna inananlar siyahıda ikincidir (33 %). Sakinlərin dörddə biri (23 %) "Türk malını" tərcih edir. Ərzaq alarkən alman keyfiyyətini önə çəkənlər sorğuda 4 % təşkil edib.
İran, Ukrayna, Polşa istehsalı qida məhsullarını alanlar hər biri sorğuda 1 % səs toplayıb.
16 % respondent üçün ərzağın istehsal olunduğu ölkə xüsusi əhəmiyyət daşımır.
2 % respondent isə bazarlıq etmədiyini bildirib.
Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.