Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri davam edir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) stendinə yaxınlaşaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına virtual səyahət edə bilərlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, VR eynəklər vasitəsilə AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasının qida və qida əlavələri bölməsi, eləcə də Xromatoqrafiya otağına virtual səyahət imkanı yaradılıb. Həmçinin sərgi iştirakçıları üçün sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları ilə bağlı AQTA-nın həyata keçirdiyi tədbirlər və innovativ həllərə dair yeni videoçarxlar nümayiş etdirilir.
Sərgidə institutun yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası da nümayiş olunur. Ziyarətçilər bilavasitə xəstəlik ocağında qısa müddətdə quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verən həmin laboratoriya ilə tanış ola bilərlər. Əlavə olaraq, sərgidə AQTİ sahibkarlıq subyektlərinə təklif edilən xidmətlərə və digər məsələlərə dair hazırlanmış çap materialları nümayiş etdirir.