Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Balakən şəhəri, H.Əliyev prospekti, 58 b ünvanında fəaliyyət göstərən “Az-Granata” şərab evi pərakəndə satış mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, çalışan işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Eyni zamanda istifadə müddəti bitmiş 12 adda qida məhsulunun satışının həyata keçirildiyi aşkar olunub.  

Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, istifadə müddəti bitmiş qida məhsullarının satışdan kənarlaşdırılması haqqında qərar qəbul edilib. Eyni zamanda uyğunsuzluqların aradan qaldırılması istiqamətində metodiki dəstək göstərilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.