Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd nəticəsində antisanitariya şəraitində balıqları hisə verən şəxs yaxalanıb. İdarədən  daxil olan rəsmi məlumatda bildirilir ki, Pirallahı qəsəbəsində aşkarlanan bu yerdə ciddi nöqsanlara rast gəlinib və real vəziyyət videolentə alınıb. Məmmədov Ramiz Süleyman oğlundan antisanitariya şəraitində hisə verilmiş 28 ədəd siyənəy balığı götürülüb. Ramiz Məmmədov Qida Təhlükəsizliyi  Agentliyindən heç bir rəsmi sənədi olmadığını bildirib. Su polisləri bu cür antisanitariya şəraitində hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün təhlükəli olduğunu saxlanılan şəxsin nəzərinə çatdırıblar. Su polisi mütəmadi olaraq Azərbaycan Respublikasının Su Nəqliyyatında Polis İdarəsinin xidməti ərazilərində regional reydlər keçirəcək və balıqları antisanitariya şəraitində hisə verərək əhalini zəhərləyən, eləcə də insan sağlamlığına ciddi fəsadlar yetirən elektrik avadanlığı ilə balıq ovlayan və qırmızı kitaba düşmüş quşları ovlayanlara qarşı ciddi tədbirlər görərək onları cəzalandıracaq. Dəfələrlə su polisinin əməkdaşları bu əməlləri törədənlərlə profilaktik və maarifləndirici söhbətlər aparıb, belə halların yolverilməz olduğunu onlara izah ediblər. Buna baxmayaraq onlar öz çirkin əməllərindən əl çəkməyiblər. İdarənin məlumatında bildirilir ki, antisanitariya şəraitində hisə verilmiş balıqlar insan sağlamlığı üçün çox təhlükəlidir. Məhz bu səbəbdən idarə kafe, restoran və bazarlarda bu yolla hisə verilən balıqları almamağa xəbərdar edir.