Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az Belarus Respublikasının ixracatçı şirkəti “Агрокомбинат Скидельский” ASC-yə məxsus müəssisədə istehsal olunan dondurulmuş quş əti məhsulunda aşkarlanmış uyğunsuzluqla bağlı Agentlik tərəfindən qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Belə ki, Agentliyin müvafiq bildirişi əsasında, Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.

Belarus Respublikası tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə müvafiq bildiriş göndərilib.